UNESCO-nun İcra Şurasının 209-cu sessiyasının plenar iclası başlayıb
2020-07-02

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun İcra Şurasının 209-cu sessiyasının plenar iclası öz işinə başlayıb.

Plenar iclasda sessiyanın gündəliyi təsdiqləndikdən sonra Büronun hesabatı dinlənilib, maliyyə və administrativ komissiyanın prezidenti seçilib. 207 və 208-ci sessiyaların protokolları təsdiqlənib. Qurumun baş direktorunun hesabatı dinlənilib.

İki gün davam edəcək plenar iclasda qurumun Baş Konfransında qəbul edilmiş proqramın icrasına, eləcə də 2018-2019-cu illərdə maliyyə idarəçiliyinə dair hesabatlar dinləniləcək. İcra Şurasının və Baş konfransın əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin icra vəziyyətinə baxılacaq.

Təhsilin gələcəyinə dair təşəbbüs, iqlim dəyişikliyinə dair strategiya, inkişafda olan ada dövlətlərinə dair fəaliyyət planı, UNESCO-nun strateji transformasiyası kimi məsələlər də plenar sessiyanın gündəliyində öz əksini tapır.

Qeyd edək ki, 209-cu sessiya iyulun 10-dək davam edəcək.

https://azertag.az/xeber/1527237