Şəki şəhərinə kəlağayı turu təşkil olundu
2016-11-26

2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Azərbaycan Kəlağayısı Günü münasibəti ilə Azəbaycan Xalça Muzeyi tərəfindən 25-26 noyabr tarixlərində kəlağayının vətəni, Azərbaycanın gözəl guşələrindən biri olan Şəki şəhərinə iki günlük tur təşkil olundu. İştirakçılar ilk növbədə “Şəki-İpək” ASC-ni ziyarət etdilər. Burada onlara şirkətin tarixi, inkişaf mərhələləri, bugünkü vəziyyəti barəsində ətraflı məlumat verildi. Qonaqlar əyani şəkildə ipliyin alınması, ipək parçanın toxunması və yoxlanılması ilə tanış oldular. Daha sonra fabrikin növbəti sexində kəlağayı üçün istifadə olunacaq ipək parçaların yuyulma, naxış vurma və boyaq prosesləri ilə tanış oldular. Naxışvurma prosesində qonaqlar üçün ustad dərslər təşkil olunmuşdur. Boyaqçılıq sexində rəngləmə prosesində təbii boyaqların istifadəsindən ətraflı məlumat verildi. Həmçinin qonaqlar Şəki xan sarayını, Alban məbədində yerləşən Xalq Tətbiqi Sənəti muzeyi ilə tanış oldular. Daha sonra tur iştirakçıları Saray kompleksində fəaliyyət göstərən Şəki Sənətkarlar Evinə baş çəkdilər. Burada onlar sənətkarlarla görüşdülər, onların emalatxanalarına baş çəkdilər və hazır məmulatlarla tanış oldular.

Digər xəbərlər