“İlandağ” geoparkının yaradılması ilə əlaqədar işçi qrupunun 8-ci iclası keçirilib
2020-08-20

AMEA Naxçıvan Bölməsində “İlandağ” geoparkının yaradılması ilə əlaqədar işçi qrupunun 8-ci iclası olub.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda işçi qrupunun geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi ilə bağlı gördüyü işlər, hazırlanmış materiallar və xəritələr müzakirə edilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri muxtar respublika ərazisində UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlərin həyata keçirilməsini tapşırıb. AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən artıq müəyyən işlərin görüldüyü diqqətə çatdırılıb.

Akademik bildirib ki, 2019-cu ilin may ayından Ordubad, Culfa və Babək rayonları ərazisində ekspedisiyalar təşkil olunub. 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, geoloji, ekoloji, biomüxtəliflik təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Nadir təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatlar hazırlanıb və kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib.

İclasda ərazinin geomorfoloji, landşaft materialları, xəritələrı və həyata keçirilməsi nəzərdə tutulan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İşçi qrupunun növbəti iclasının sentyabr ayının əvvəllərində keçiriləcəyi nəzərdə tutulub.

 

https://azertag.az/xeber/1565541