“Sərhədləri birgə aşaq” layihəsi çərçivəsində tədbir keçirilib
2019-12-27

Dekabrın 27-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “Sərhədləri birgə aşaq” layihəsi çərçivəsində tədbir keçirilib:

 

Layihə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan-UNESKO klublarının birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihəyə ümumilikdə 54 nəfər cəlb olunub.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov ölkəmizdə inklüziv təhsil və idman sahəsində uğurlu dövlət siyasətinin həyata keçirilməsindən və beynəlxalq əməkdaşlıqdan, o cümlədən UNESKO ilə əlaqələrdən bəhs edib.

 

Azərbaycan-UNESKO klublarının koordinatoru Cahangir Hacıyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev və digər çıxış edənlər layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihənin əsas məqsədi inklüziv idman yarışı vasitəsilə tipik uşaqlarla atipik uşaqların qarşılıqlı inteqrasiyasını təmin etmək, mövcud stereotipləri dəyişdirmək və cəmiyyətdə bu kateqoriyadan olan insanlara müasir yanaşmanın formalaşdırılmasına, həmçinin təkmilləşdirilməsinə dəstək verməkdir.

 

Tədbirdə layihəyə qatılan 6 atipik və 9 tipik 10-12 yaşlı uşaqlar iki komandaya bölünərək müxtəlif idman yarışlarında güclərini sınayıb və inklüziv rəqs nümayiş etdiriblər.

 

Daha sonra təltifetmə mərasimi keçirilib.

 

Tədbir bədii hissə ilə davam etdirilib.