YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası keçirildi
2016-07-17

Cari ilin 10-17 iyul tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası keçirilmişdir. 

Sessiyada Azərbaycan ilk dəfə olaraq Komitə üzvü kimi böyük nümayəndə heyəti ilə təmsil olunmuşdur. 

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan  Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin nümayəndələri tədbirdə iştirak etmişlər. 

Sessiyanın açılış mərasimində Türkiyənin Baş naziri Binəli Yıldırımın tədbir iştirakçılarına video müraciəti nümayiş etdirilmiş, eləcə də Türkiyə Respublikası Baş nazirinin müavini Numan Kurtulmuş, YUNESKO-nun baş direktoru İrina Bokova, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nəbi Avcı çıxış etmişlər. 

Sessiya ərzində Türkiyənin “Ani Arxeoloji ərazisi”, İranın “Fars Qanatı” və “Lut Səhrası”, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın birgə təqdim etdiyi “Qərbi Tian-Şan” və İraqın “Cənubi İraqın Əhvarı: Mesopotamiya şəhərlərinin biomüxtəlifliyi və relikt landşaftı” nominasiyaları daxil olmaqla,12 mədəni, 6 təbii və 3-ü qarışıq olmaqla 21 yeni nominasiya Ümumdünya İrs Siyahısına qəbul edilmişdir.

Sessiya çərçivəsində Ümumdünya İrs Siyahısında yer alan 8 mülk Təhlükədə olan Ümumdünya İrs Siyahısına əlavə olunmuşdur. Gürcüstanın 2009-cu ildən Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmiş “Mtsxetanın Tarixi Abidələri” mülkü ərazinin təhlükəsizliyinin artırılması çərçivəsində aparılan işlərin nəticəsi olaraq, Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılmışdır.