Əbülfəs Qarayev Böyük Britaniyanın incəsənət, irs və turizm üzrə dövlət katibi ilə görüşüb
2019-02-18

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

 

Nazir səfəri çərçivəsində həmin ölkənin incəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı, muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir. Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sahələrin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir.

 

Maykl Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığa hazırdır. Azərbaycanın UNESCO-dakı rolunu yüksək qiymətləndirən M.Ellis Ümumdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.

 

Ə.Qarayev bu il mayın 2-3 tarixlərində Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və iyunun 30-dan iyulun 10-dək təşkil olunacaq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə geniş məlumat verərək həmkarını ölkəmizə səfər etməyə dəvət edib.

 

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.

 

https://azertag.az/xeber/Abulfes_Qarayev_Boyuk_Britaniyanin_incesenet_irs_ve_turizm_uzre_dovlet_katibi_ile_gorusub-1245948