YUNESKO-nun Biosfer Qoruqları üzrə 4-cü Dünya Konqresi və “İnsan və Biosfer” Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 28-ci sessiyası baş tutdu
2016-03-18

2016-cı ilin 14-18 mart tarixlərində Perunun Lima şəhərində YUNESKO-nun təşkilatçılığı ilə “2016-2025- ci illər üzrə Yeni Baxış – Davamlı İnkişaf üçün YUNESKO Biosfer Qoruqları” mövzusunda 4-cü Dünya Konqresi və 18-19 mart tarixlərində isə “İnsan və Biosfer” Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının 28-ci sessiyası keçirilmişdir.

Konqresin açılış mərasimində YUNESKO-nun təbiət elmləri üzrə baş direktor müavini Flavia Şlegel, “İnsan və Biosfer” Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasının direktoru Serjio Guevara və Perunun rəsmi nümayəndələri iştirak və çıxış edərək, tədbirin əhəmiyyətindən və aktuallığından söz açdılar.

İclas zamanı dünyada biosfer qoruqlarının yaradılmasının zəruriliyi qeyd edilərək, ərazisində bu tip qoruq olmayan dövlətlər tezliklə prosesə başlamağa dəvət olundular.

Tədbirin yekununda Lima Bəyannaməsi və 2016-2025- ci illər üzrə Lima Fəaliyyət Planı qəbul olundu.

Tədbir çərçivəsində ölkəmizdən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova çıxış edərək Azərbaycan ərazisində, eləcə də işğal olunmuş torpaqlarda yerləşən təbii qoruqlardan danışdı. 

Bundan əlavə, Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin fəaliyyəti haqqında da qonaqlara ətraflı məlumat verildi.

Qeyd olunmalıdır ki, ölkəmiz keçən il YUNESKO baş konfransının növbəti sessiyasında “İnsan və Biosfer” Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına üzv seçilmiş və bu tədbirlərdə ilk dəfə Şuranın üzvü kimi təmsil olunmuşdur.

Digər xəbərlər