Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
2018-09-25

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov bu təşkilatın baş direktorunun təhsil məsələləri üzrə yeni təyin olunmuş müavini Stefaniya Giannini ilə görüşüb.
 

Səfir Anar Kərimov S.Gianninini yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 

Görüşdə ölkəmizlə UNESCO arasında təhsil sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Ölkəmizdə yaradılmış UNESCO kafedraları, eləcə də qurumun assosiativ məktəblər şəbəkəsinə üzv məktəblərimiz vasitəsilə əməkdaşlığın uğurla davam etdiyi, gələcəkdə bu məktəblərin sayının artırılmasının vacibliyi qeyd olunub. Həmçinin ölkəmiz və UNESCO-nun Beynəlxalq Təhsil Bürosu arasında kurrikulumun hazırlanması üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
 

A.Kərimov ölkəmizin bu təşkilatla texniki peşə təhsili və təlimi üzrə əməkdaşlıq etməkdə, eləcə də şəhərlərimizin UNESCO-nun Öyrənən Şəhərlər üzrə qlobal şəbəkəsinə qoşulmasında maraqlı olduğunu diqqətə çatdırıb. UNESCO-nun qızların təhsili üzrə Afrikanın 4 ölkəsində Azərbaycanın dəstəyi ilə həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, həmin layihələr Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
 

UNESCO baş direktorunun təhsil məsələləri üzrə müavini S.Giannini təhsil sahəsində Azərbaycan-UNESCO əməkdaşlığını müsbət qiymətləndirib, ölkəmizə təşkilatı dəstəklədiyi üçün təşəkkür edərək gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb.
 

Sonda Stefaniya Gianniniyə ölkəmiz haqqında kitablar hədiyyə edilib və ölkəmizə səfərə dəvət edilib.
 

https://azertag.az/xeber/Stefaniya_Giannini_Azerbaycan_UNESCO_emekdasliginin_daha_da_inkisaf_etdirilmesine_haziriq-1197762