Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Berlində qeyd edilib
2018-05-29

Berlin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli
şəkildə qeyd edilib.


Tədbirdə əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın yaddaşında dərin izlər buraxdığını qeyd edib. Diplomat müasir Azərbaycan Respublikasının özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdiyini bildirib.


Ramin Həsənov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilməsi ilə ölkəmizin regionda lider dövlətə, sabit və etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb. Səfir Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə strateji tərəfdaşlığından, ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrdən, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında oynadığı roldan bəhs edib.


Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir iki ölkə arasındakı əlaqələrin çoxşaxəli olduğunu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Habelə keçən ilin ölkələrimiz arasındakı münasibətlərdə əlamətdar hadisələrlə yadda qaldığını, buna misal olaraq, Azərbaycanda alman məskənlərinin yaradılmasının 200 illiyinin və Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini iştirakçıların diqqətinə çatdırıb.


Səfir, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın ölkəmiz üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandırıb. Ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Diplomat Azərbaycanın bütün sahələrdə davamlı şəkildə inkişaf etdiyini, onun regional və qlobal müstəvidə böyük uğurlara imza atdığını vurğulayıb, Prezident İlham Əliyevin “əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər” fikri ilə öz çıxışını yekunlaşdırıb.
 

Daha sonra Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke çıxış edib.
 

Andreas Peşke çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika olduğunu, məhz bu respublika dövründə bir sıra mütərəqqi addımların atıldığını söyləyib. O, Şərqdə, ümumiyyətlə dünyada ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququ ilə təmin edildiyini, ölkədə ilk və modern universitetin təsis olunduğunu, çoxpartiyalılıq əsasında parlamentin qurulduğunu, parlamentdə dövlətin inkişafı üçün mühüm qərarların qəbul edildiyini bildirib. O, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Respublikasının bazasında məhz Azərbaycan Xalq Cümhuriyyətinin dayandığını vurğulayıb.


A.Peşke Azərbaycanın öz müstəqilliyini elan etdikdən sonrakı dövrdə sürətlə inkişaf etdiyini, bununla yanaşı, həm də Almaniya-Azərbaycan münasibətlərində müsbət irəliləyişlərin bütün sahələrdə müşahidə edildiyini diqqətə çatdırıb. Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə toxunan müvəkkil Almaniyanın Cənubi Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşının məhz Azərbaycan olduğunu, 150-dən çox alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini və iqtisadi əməkdaşlığın uğurla davam etdirilməsi üçün müxtəlif insititusional təsisatların uğurla fəaliyyət göstərdiyini bildirib.

 

O, Almaniyanın Azərbaycanın enerji nəqliyyatı xətlərinin diversifikasiyası siyasətini alqışladığını və ölkəsinin Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə böyük ümidlər bəslədiyini bildirib. A.Peşke Almaniya-Azərbaycan münasibətlərinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, onun çox geniş spektri əhatə etdiyini söyləyib. Mədəniyyət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq kimi sahələrlə yanaşı, təhsil sahəsində də uğurlu fəaliyyətin olduğunu diqqətə çatdırıb. 2017-ci ilin statistik göstəricilərinə əsasən, Almaniyada 1136 azərbaycanlı tələbinin təhsil aldığını, onlardan 208 nəfərinin Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü ilə təhsilini davam etdirdiyini vurğulayıb.


Müvəkkil, həmçinin Azərbaycan Respublikasının hər zaman Avropa İttifaqı ilə əməkdaşlığa maraq göstərdiyini, hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı daha da dərinləşdirəcək yeni saziş üzərində işin aparıldığını bildirib.


A.Peşke həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda və bütün regionda stabilliyə və təhlükəsizliyə təhdid olduğunu, buna görə də Almaniyanın ATƏT-in Minsk qrupu çərçivəsində bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini davam etdirdiyini, bunun üçün həmsədrlərin fəaliyyətini dəstəklədiyini qeyd edib. Münaqişənin həll ediləcəyi təqdirdə həm bütün regionun inkişaf perspektivlərinin, həm də bu regionda yaşayan sadə insanların da həyatının əhəmiyyətli şəkildə yaxşılaşdırıla biləcəyinə əminliyini vurğulayıb.

 

O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə, eyni zamanda, Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu, məhz o zamanlar Almaniya ilə Azərbaycan arasında dostluq ənənələrinin əsasının qoyulduğunu söyləyib. Bu ənənələrin əsasında Almaniya-Azərbaycan dostluğunun gələcəkdə də inkişaf edəcəyini bildirib. Müvəkkil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Almaniya Federativ Respublikası hökumətinin təbriklərini çatdırıb.


Tədbir UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması proqramının tədbirlər siyahısına daxil edilmiş məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə bağlı klassik konsert proqramı ilə davam edib. Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərləri Almaniya və Azərbaycan solistlərindən ibarət orkestr tərəfindən ifa olunub. Orkestrə Xalq Artisti Yalçın Adıgözəlov dirijorluq edib. Məşhur Azərbaycan bəstələri Əməkdar Artist İlham Nəzərli və Selcan Nəsibli tərəfindən səsləndirilib

.
Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, SOCAR-ın Almaniya nümayəndəliyinin və “CLAAS” şirkətinin dəstəyi ilə baş tutmuş konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbir Azərbaycan və Avropa mətbəxinin təamlarından ibarət ziyafətlə sona çatıb.


Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair və Azərbaycan haqda digər materiallar təqdim edilib.
Tədbirdə Bundestaqın deputatları, Kansler administrasiyasının, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Almaniyanın ictimai- siyasi, iqtisadi və mədəni dairələrinin təmsilçiləri, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

 

https://azertag.az/xeber/Azerbaycan_Xalq_Cumhuriyyetinin_100_illik_yubileyi_Berlinde_qeyd_edilib-1167556