Elm sahəsində əməkdaşlıq

 

2005-ci ildə Azərbaycanın Orta əsrlərə aid tibbi və əczaçılıq əlyazmaları YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilmişdir.

 

28-29 noyabr 2008-ci il tarixində YUNESKO üzrə Azərbaycan Milli Komissiyası, YUNESKO-nun Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu və AMEA-nın təşəbbüsü ilə “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi” adlı beynəlxalq konfrans keçirilmişdir.

 

24 noyabr 2010-cu il tarixində YUNESKO-nun baş qərargahında AMEA-nın prezidenti M.Kərimov və YUNESKO baş direktorunun elm məsələləri üzrə müavini Qreçen Kalonji arasında “Azərbaycan Respublikası Hökuməti və YUNESKO arasında Yaponiyanın “İnsan Resursları İmkanlarının Gücləndirilməsi üzrə İnam Fondu”nun layihəsi üçün Əməliyyat Planına dair Müqavilə” imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycanda elm və texnologiya strategiyasının hazırlanması və texnoparkların yaradılmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Hökumətinə 100.000 ABŞ dolları vəsait ayrılmışdır.

 

Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə uyğun olaraq yaradılmış Etimad Fondu (Trust Fund) vasitəsilə YUNESKO-nun İnsan və Biosfer Proqramı (MAB)  çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanda “Biosfer qoruqları Mərkəzi Asiyada sosial-iqtisadi inkişafın əsas vasitələri kimi - Şəbəkənin yaradılması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur.