YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

 

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm vəmədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir.

 

1993-cü il dekabrın 21-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfəri çərçivəsində YUNESKO-nun baş qərargahında təşkilatın baş direktoru Federiko Mayorla görüş keçirmişdir. Görüşdə Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının yaradılmasının vacibliyinə toxunulmuş və qeyd edilmişdir ki, bu sahədə hazırlıq işləri gedir.

 

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması istiqamətində lazımi addımlar atılmış və Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmış və onun Nizamnaməsi təsdiq edilmişdir. Sərəncama əsasən, xarici işlər naziri Milli Komissiyanın sədri təyin edilmiş, Milli Komissiyasının tərkibinin müəyyən edilməsi və onun fəaliyyətinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi Xarici İşlər Nazirliyinə tapşırılmışdır.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası kimi fəaliyyətini davam etdirmişdir. Həmçinin Sərəncamın 3-cü bəndinə əsasən, Milli Komissiyanın tərkibi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli Fərmanı, 10 mart 2015-ci il tarixli və 11 iyul 2016-cı il tarixli Sərəncamları ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir.