Çovqan ənənəvi Qarabağ atüstü oyunu

 

3 dekabr 2013-cü ildə Bakıda keçirilmiş Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

 

Bu qədim at yarışı müasir at polosunun ilkin formalarından biridir. ”Çovqan” sözü türk mənşəli olmaqla, “çubuq ilə vurmaq” mənasını verir. Tarixçilərin fikrinə görə, bu oyun eramızın birinci minilliyinin ortalarında yaranmışdır və bir neçə yüzilliklər ərzində Azərbaycan, İran, Türkiyə, Orta Asiya və digər qonşu ölkələrdə məşhur olmuşdur.

 

Çovqan oyununun Azərbaycan ərazisində məşhur olmağına dair yazılı mənbələr mövcuddur. Beyləqan rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzırində çovqan oyununun fraqmenti əks olunmuşdur.  Bu tapıntı çovqan oyunun IX əsrdə Beyləqanda mövcud olduğunu sübut edir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında, “Kitabi Dədə Qorqud” eposunda çovqan oyunu haqqında məlumatlara rast gəlinir.  Həmçinin “Xosrov və Şirin” poemasına çəkilmiş miniatürlərdə, Təbriz miniatürlərində çovqan oyunun səhnələri əks olunmuşdur. Qədim əlyazmalarda çovqan oyununun qaydaları ətraflı olaraq təsvir olunur.

 

Tarixən, çovqan oyununu Azərbaycan aristokratları və şah ailəsinin üzvləri oynayırdılar. Bu oyunda cəld və qısaboy, xüsusi təlim görmüş atlar iştirak etdiyindən, bu oyun Qarabağda çox məşhur idi. Qarabağ atları öz gözəlliyi ilə seçilir və bu oyun üçün əhilləşdirilirdilər. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir.

 

Böyük İpək Yolu sayəsində çovqan Hindistanda məşhurlaşmışdır, oradan XII əsrdə Avropaya gətirilmişdir və Avropada, eləcə də Amerikada geniş yayılmışdır. İngilislərin təşəbbüsü ilə bu oyun at polosu adını aldı və 1900-cü ildə Parisdə keçirilmiş İkinci Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.

 

Sovet vaxtlarında çovqan oyunu Qarabağda və Azərbaycanın müxtəlif regionlarında keçirilirdi. Bu oyun müntəzəm olaraq müxtəlif respublika və ümumittifaq şənliklərinə daxil edilmişdir. Qarabağda bu oyun keçmiş əsrin 80-ci illərinin axırına kimi məşhur olmuşdur.

 

Bu oyunun yeni tarixi 2000-ci illərdə başlamış, 2006-cı ildə Prezident kuboku turniri keçirilmişdir və turnirdə ölkənin 8 regionu təmsil olunmuşdur. 2013-cü ilin sentyabr ayında Bakıda at polosu üzrə dünya kuboku yarışı keçirilmişdir. Argentina, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın adlı-sanlı komandaları bu idman növü üzrə ən nüfuzlu mükafatlardan birinə sahib olmaq hüququ uğrunda mübarizə aparmaq üçün Azərbaycanın paytaxtına toplaşmışdılar. Turnir çərçivəsində müasir polo üzrə yığma komanda ilə Azərbaycanın çövkən üzrə bir komandası arasında nümunəvi matç da keçirildi. Azərbaycanda bu gün də ölkənin müxtəlif rayonlarında çovqan milli oyunu üzrə yarışlar keçirilir.

 

Son illərdə Qarabağ atlarının yetişdirilməsinin çətinliyi səbəbindən, eləcə də çovqan oyununun tarixinin unudulmasının qarşısının alınması məqsədilə çovqan oyununun təcili qorunması məsələsi gündəmə gəlmişdir. Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi faktı dolayı yolla sübut edir ki, Azərbaycan xalqının mədəni irsinə təcavüzkarlar tərəfindən zərər yetirilmişdir.