Qobustan

 

2007-ci ildə Qobustan YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.

 

Abşeron yarımadasının cənubunda Qobustan Milli tarixi-bədii qoruğu yerləşir. Onun abidələri mezolit dövründə orta əsrlərədək böyük tarixi dövrü əhatə edir.

 

İnsan sivilizasiyasının yaranması dövrü çox keçmişə gedib çıxır, insanın əqli fəaliyyətinin başlanması izlərini, onun dəqiq tarixini müəyyən etmək isə çox çətindir. Bu mənada, Qobustan çoxsaylı qayaüstü rəsmləri ilə birlikdə unikal daş kitabədir və onun səhifələri burada min illər əvvəl məskən salmış insanların həyat tərzi, məşğuliyyəti, dini baxışları, ilkin sənətləri barədə təsəvvür yaratmağa imkan verir. Faktiki olaraq, qaya üzərindəki bu yazılar dünya mədəniyyətinin ilkin ocaqlarından biridir.

 

1938-ci ildə Azərbaycan alimlərinin kəşfi sayəsində Abşeron yarımadasının 130-170 min il əvvəl mövcud olmuş fauna və florası haqqında paleontoloqların çoxsaylı suallarına cavablar tapıldı. Arxeoloji qazıntılar zamanı burada bitki, heyvan və quş qalıqları, sümükləri tapıldı.

 

Qobustan qayaları bu əraziləri küləkdən qoruyurdu və bu səbəbdən heyvanlar bu ərazilərdə özlərinə sığınacaq tapmışdılar. Təbii ki, qədim ovçular da təbiətin yaratdığı “çox otaqlı evin” üstünlüklərini qiymətləndirərək, burada məskən saldılar. Qobustanda insanlar bir neçə minilliklər boyu yaşamışlar. 3096 hektar ərazidə arxeoloqlar tərəfindən 6000-dən çox qayaüstü rəsmlər, dayanacaqlar, kurqanlar, mağaralar, yaşayış yerləri və türbələr tapmışlar.

 

Qobustanda insanlar icma quruluşunda yaşayırdılar və qohumluq ana xətti ilə formalaşırdı. Tayfaların həyatında ailənin qoruyucusu, övladların tərbiyəçisi,  yemək hazırlayan kimi əsas rolu ana oynayırdı.

 

Qobustan qaya təsvirlərində də öz  əksini tapmış matriarxat dövrü bir neçə minillik davam etmişdir. Lakin tədricən yeni silahların, yay və oxun yaranması, heyvandarlığın və əkinçiliyin meydana gəlməsi ilə ailədə atanın rolu artmağa başladı. Hazırkı Azərbaycan ərazisində mezolit dövrü başlandı və bu dövr qismən qısa davam etdi. Amerika arxeoloqu Robert Breydvud bu dövrü “ilkin əkinçilik dövrü” adlandırırdı, bu dövrdə insan yalnız ovçuluq, balıqçılıq, yığıcılıqla qida əldə etmirdi, həmçinin qida ehtiyatı yarada bilirdi ki, bunu qayalarda yarılmış eyni tipli dəliklər sübut edir.

 

Məhz mezolit dövründə incəsənət yaranır. Həmin dövrdə sənət çox formalı olmasa da, artıq musiqi və rəqs formalaşmışdı və bu, ritual xarakter daşıyırdı. Qobustanda bir çox böyük daşlar – qaval daşlar tapılmışdır, onlar bir növ baraban rolunu oynayırdı. Qaval daşlarının səsi bir neçə kilometr məsafədən duyulurdu. Lakin daha nəzərəçarpan dəyişiklik qaya rəsmlərində özünü biruzə verirdi və bunu Qobustanın bütün petroqlif tədqiqatçıları xüsusi vurğulayırlar. Təsvirlər çoxfiqurlu xarakter alır və mərkəzində insanlar, tayfa yoldaşları əks olunur. Rəssamların diqqəti xüsusi olaraq qrup halında ov, balıqçılıq, döyüş və rəqs səhnələrində yönəlir. Onlar yalnız hadisələri deyil, o dövrün əsas hisslərini də təsvir etməyə çalışırlar: artıq dövr dəyişmişdir, insan yalnız təbiətin oğulluğu, vəhşi heyvanların asan ovu deyil, o, ətraf mühitin sahibi olmağa iddia edir.

 

Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrləri əhatə edirvə eramızdan əvvəl 10-cu minillikdən orta əsrlərədək davam edir. Yalnız bu xüsusiyyətinə görə Qobustan daş kitabəsi dünyada mövcud olan digər qayaüstü abidələrdən unikallığına görə fərqlənir. Qədim rəssamlar əsasən ovçu, balıqçı, avarçəkən kişiləri təsvir edirdilər. Sonrakı təsvirlərdə isə atlılara da rast gəlmək mümkündür. Bəzi tədqiqatçılar Qobustan təsvirlərinin Şərqi Afrikada tapılmış təsvirlərə bənzədiyini qeyd edirlər. Qadın rəsmləri nadir hallarda çəkilirdi və onlar iş başında təsvir olunmurdular. Rəssam üçün ən vacibi o idi ki, qadın nəsli davam etdirəndir və onu bu formada təsvir edirdilər.

 

Böyükdaş qayası üzərində tapılmış 8 silahlı qadın təsviri Qobustan üçün səciyyəvi hesab olunmur. Onlardan beşi 1 sırada dayanmışlar, arxada dayanan qadınların formaları isə kobud təsvir olunmuşdur. Hər bir qadının çiynindən kaman asılmışdır və alimlərin fikrincə, bu, skiflərin dövrü, yəni e.ə.V-IV əsrlər üçün səciyyəvidir.

 

Qobustanda məskunlaşmış insanlara gəldikdə, onlar haqqında çoxsaylı hipotezlər mövcuddur. Norveç alimi Tur Heyerdal Qobustan qaya rəsmləri arasında e.ə. VI minilliyə aid edilən qayıqları gördükdə, onun şumerlərin qayıqlarına bənzər qamış gəmi olduğu qənaətinə gəlmişdir. Belə qənaətə gəlmək olar ki, Qobustanda yaşayan əhalinin ən qədim dünya sivilizasiyasına malik olan şumerlərlə əlaqəsi olmuşdur. Heyerdal bildiririr ki, “Belə qədim, və heç şübhəsiz inkişaf etmiş sivilizasiya hələ də sirr olaraq qalır, lakin Azərbaycan alimləri bu sirri aça biləcəklər”.

 

2011-ci ildə Qobustanda böyük müasir muzey açıldı. 2460 kvadrat metr sahəsi olan muzeydə Ümumdünya İrs abidələrindən, petroqliflərin kəşfi tarixindən, Qobustan ərazisində yaşayan qədim insanlardan, ilkin fauna və floradan söz açan ekspozisiyalar yer almışdır. Burada arxeoloqlar tərəfindən tapılmış 100 mindən çox predmet saxlanılır. Bu predmetlər əmək alətləri, silahlar, bəzək əşyaları, talismanlar, heyvan sümükləri, bitki qalıqları və s.dir. 2013-cü ildə Qobustan muzeyi “Avropanın ən yaxşı muzeyi” müsabiqəsinin qalibləri sırasında yer almışdır.

 

Bu gün, Qobustanda tapılmış qayaüstü rəsmlər sayəsində biz qədim əcdadlarımızın həyatına nəzər sala bilirik, onların məişət həyatı və ətraf mühit haqqında anlayışlarımız formalaşır. Qobustanın daş kitabəsi hələ də sonadək oxunmamışdır. Onun bir çox səhifələri hələ tapılmamışdır. Bəziləri isə oxunmamış və ya təfsir olunmamışdır. Yalnız ehtimal etmək olar ki, minilliklərin bu yazılı abidəsi özündə nə qədər sirr saxlayır.