Azərbaycan Respublikası ilə əməkdaşlıq

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində YUNESKO-ya üzv qəbul edilmişdir.

 

 Azərbaycan Respublikası YUNESKO-nun aşağıdakı Konvensiyalarına qoşulmuşdur: 

 

1. Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Birinci Protokol (1993) və İkinci Protokol (2000);

2. Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993);

3. Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994);

4. Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995);

5. Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası (1997);

6. Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya (1998);

7. Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası (1997);

8. Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası (2001);

9. Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası (2001);

10. Beynəlxalq xüsusi hüququ unifikasiya institutunun (YUNİDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003);

11. Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006);

12. İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007). 

13. Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010)

 

 

Azərbaycanda YUNESKO-nun müxtəlif sahələri üzrə yaradılmış milli komitələr:

 

1. Muzeylərin Beynəlxalq Şurası (ICOM- International Council of Museums);

2. Sosial Dəyişikliklərin İdarə edilməsi (MOST - The Management of Social Transformations Programme);

3. Beynəlxalq Hidroloji Proqram (IHP- International Hydrological Programme);

4. İnsan və Biosfer Proqramı (MAB- Man and the Biosphere Programme);

5. Beynəlxalq Bioetika Komitəsi (IBC- International Bioethics Committee);

6. İnformasiya Hamı üçün (IFA - Information For All)

 

 

Azərbaycanın YUNESKO-nun alt-qurumlarında təmsil olunması

 

Azərbaycan 2005-2009-cu illərdə İcraiyyə Şurasının üzvü, həmçinin bir sıra digər alt komitələrin üzvü olmuşdur.

 

Azərbaycanın 2011-2015-ci illərdə üzv olduğu qurumlar:

 

1.Beynəlxalq Hidroloji Proqram üzrə Hökumətlərarası Şura (2011-2015)

2.Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitə (2011-2015)

3.Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə   qaytarılmasının təşviq edilməsi üzrə Hökumətlərarası Komitə (2011-2015)

4.Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurası (2011-2015)

5. Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2011-2015) Komitəyə üzv olduğu müddətdə 21 dekabr 2012-ci il tarixində  Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir. Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsi imkanları əks olunmuşdur. 18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyalarının göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır.

 

Hazırda Azərbaycanın üzv olduğu alt-qurumlar:

 

  1. İnsan və Biosfer Komitəsi (2015-2019)
  2. Fiziki Təhsil və İdman üzrə Hökumətlərarası Komitə (2015-2019)
  3. Ümumdünya İrs Komitəsi (2015-2019)
  4. Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2015-2019)

 

 

1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev YUNESKO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Görüşün sonunda Federiko Mayor Heydər Əliyevə YUNESKO-nun xatirə medalını təqdim etmişdir.

 

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və YUNESKO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi ­Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

 

19-21 oktyabr 2006-cı il tarixində YUNESKO-nun Baş Qərargahında YUNESKO-nun 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tədbirdə iştirak etmişdir.

 

 20 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. Proqram əsasında, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən 2009-cu ildə “Azərbaycanın xoşməramlı mələkləri” DVD diski hazırlanmışdır.

 

17 noyabr 2009-cu il tarixində “YUNESKO-da Azərbaycan Günü” çərçivəsində YUNESKO-nun baş qərargahında “Azərbaycan  qadını: dünən, bugün və sabah” mövzusunda konfrans keçirilmişdir.

 

14 dekabr 2010-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva Parisdə YUNESKO-nun yaradılmasının 65 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində iştirak etmişdir.

 

19 aprel 2011-ci il tarixində YUNESKO-nun baş qərargahında  Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova konserti izləyənlər arasında olmuşlar. Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilmişdir.

 

26 oktyabr 2011-ci il tarixində Mehriban xanım Əliyeva YUNESKO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda Liderlər Forumunda iştirak etmişdir. M.Əliyeva çıxışında dünyada yaşanan dərin maliyyə böhranından və on milyonlarla insanın irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcrid olunmanın ağır nəticələri ilə üzləşməsindən bəhs etmişdir. Eyni zamanda, yeni dünya nizamının formalaşdığını və bu prosesin bir çox çətinliklərlə müşayiət olunacağını deyən M.Əliyeva qloballaşmanın humanitar aspektlərinin əhəmiyyətinə toxunaraq, səmimi dialoq və xoş məramın çətinliklərin uğurla aradan qaldırılmasında əsas vasitələr olduğunu qeyd etmişdir.

 

18 iyul 2013-cü il tarixində Parisdə, YUNESKO-nun Baş Qərargahında ölkəmizin YUNESKO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə təntənəli tədbirlər keçirilmişdir. Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi keçirilmişdir. Tədbirdə YUNESKO-nun Baş Direktoru İrina Bokova və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva çıxış etmişlər. Təbrik iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanmışdır.

 

18 iyul 2013-cü ildə AR mədəniyyət və turizm naziri Ə.Qarayev və YUNESKO-nun Baş Direktoru İ.Bokova tərəfindən “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanmışdır. Sazişdə nəzərdə tutulmuş və Azərbaycanın təşkilat üçün ayıracağı 5 milyon ABŞ dolları məbləğindəki maliyyə töhfəsi qeyri-maddi mədəni irs, qızların təhsili, elm və innovasiya texnologiyalarının inkişafı sahəsində YUNESKO-nun işini möhkəmləndirəcək, eyni zamanda azərbaycanlı mütəxəssislərin təşkilatda daimi işlə təmin olunmasına və Azərbaycan maraqlarının təşkilatda qorunmasına şərait yaradacaqdır.

 

2014-cü ilin 24 yanvar tarixində, Parisdə, YUNESKO-nun Baş Qərargahında Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov və YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Gənc Peşəkar Əməkdaş (GPƏ) Proqramının təşkili haqqında Saziş” imzalanmışdır. Sazişə əsasən, ölkəmizdən iki gənc mütəxəssis YUNESKO-da işlə təmin olunmuşdur. Saziş ölkəmizlə təşkilat arasında olan ikitərəfli münasibətlərin inkişaf istiqamətlərini genişləndirməklə Azərbaycanın təşkilatda daha aktiv mövqe tutmasına, qərarların qəbul olunmasında yaxından iştirakına və ölkəmizin təşkilatla gələcək əməkdaşlıq imkanlarının artırılmasına imkan yaradacaqdır.

 

2 iyun 2014-cü il tarixində YUNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunmuşdur.

 

15-18 sentyabr 2014-cü il tarixində YUNESKO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilmiş, Qobustanın YUNESKO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olmuşdur.

 

6-13 may 2015-ci il tarixində  Heydər Əliyev Fondunun dəstəyi ilə YUNESKO-da təşkil olunan “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycanın çövkən oyununa həsr edilən sərgi təşkil olunmuş, fransız yazıçısı Jan-Lui Quronun “Qarabağ atları” kitabının təqdimatı keçirilmiş, “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgisi açılmış və “Yeni caz nəsli” qrupunun konserti təşkil olmuşdur.

 

17 noyabr 2015-ci il tarixində YUNESKO Baş Konfransının 38-ci sessiyası çərçivəsində keçirilən Liderlər Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə səfərdə olmuşlar.