BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli 1006 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilmiş və Milli Komissiyanın tərkibi müəyyənləşdirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2015-ci il tarixli, 11 iyul 2016-cı il tarixli və 29 avqust 2018-ci il tarixli Sərəncamları ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir.

 

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur.