Simli musiqi aləti tarın hazırlanma və  ifaçılıq sənəti

 

3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Simli musiqi aləti tarın hazırlanma və  ifaçılıq sənəti" YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Bu simli musiqi alətinin adı “tel, sap” kimi tərcümə olunur. Təsadüfi deyil ki, tara musiqiçi-virtuoz əli toxunanda alətin sehrli səslənməsindən dinləyicilərin qəlbində sirli, və bəzən özlərinə naməlum olan tellər oyanır.

 

Tarla həm şərq, həm də klassik Avropa musiqisinin zənginliyini dinləyiciyə çatdırmaq mümkündür. Heç şübhəsiz, bu alət olmasaydı, Azərbaycan muğamının musiqili və fəlsəfi məzmununu dinləyiciyə çatdırmaq qeyri-mümkün olardı. Peşəkar tar ustaları dünya səhnələrində müxtəlif auditoriyalar qarşısında dəfələrlə çıxışlar etmiş və dinləyiciləri öz ifaları ilə məftun etmişlər. Mütəxəssislər bu fenomeni “tarın mükəmməl quruluşu, milli musiqiləri və xüsusilə də, muğamın bütün incəliklərini dinləyiciyə çatdırmağa imkan verən burulan simlərinin olması; alətin qrifində 5 ladın, bəm siminin olması; geniş diapazonunun, ahəngdarlığının, çoxsəsli akkordların ifa edilməsi imkanının olması” ilə izah edirlər. Tarın səslənməsinə, heç şübhəsiz, alətin hazırlandığı tut və qoz ağaclarının keyfiyyəti də təsir edir. Bu da, aləti hazırlayan ustanın istedadı, təcrübəsi, intuisiyası, onun musiqi duyumunun incəliyi, öz işinə və musiqiyə olan sevgisindən asılıdır. Bütün bu keyfiyyətlər tarı solo, müşayiətçi alət kimi istifadə etməyə imkan yaradır.

 

Tar əvvəllər 5 simli (2 ağ, 2 sarı və 1 bəm) idi, bu səbəbdən səsi zəif, texniki imkanları aşağı idi. Çanağı dərin və böyük idi, ağır olduğu üçün dizdə çalınırdı. XIX əsrin 70-ci illərində dahi Azərbaycan musiqiçisi və tar ustadı, xalq arasında Sadıqcan kimi tanınan şuşalı Mirzə Sadıq Əsəd oğlu (1846-1902) tarın quruluşuna yeniliklər gətirdi. Tarın simlərinin sayını 13-ə qaldırdı, çanağı kiçiltdi və tarı sinədə ifa etməyə başladılar. Ən əsası, tarın formasının dəyişdirilməsi onun daha gözəl səslənməsinə gətirib çıxardı. “Azərbaycan tarı” şərq ölkələrində məşhurlaşdı, istedadlı və peşəkar tar ifaçısı Sadıqcan “Azərbaycan tarının atası” kimi tanınmağa başladı.

 

XX əsrin 20-ci illərinin sonunda alətin quruluşunu daha dayanıqlı etmək məqsədilə simlərinin sayı 11- ə endirildi. 30-cu illərdə, milli mədəniyyətin təqib olunduğu bir vaxtda mətbuatda  tardan imtina olunması kimi geniş müzakirələr aparılırdı. Məhz belə bir zamanda dahi Üzeyir Hacıbəyov xüsusi və musiqi məktəblərində tar sinifləri açmağa başladı. Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırdı. 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yer tutmağa başladı. Muğam triosunda (tar, kamança, qaval) da tar əsas yer tuturdu. Üzeyir Hacıbəyovun  “Leyli və Məcnun”, “Əsli və Kərəm” muğam operalarında vokal hissələr tarın müşayiəti ilə ifa olunurdu. Bu unikal alət həm muğam triosunun bir hissəsi kimi, həm də solo alət kimi Azərbaycanın muğam sənətində bu gün də müstəsna əhəmiyyətə malikdir.

 

Tar nadir milli musiqi alətlərindəndir ki, xüsusi olaraq bu alətlə ifa olunması üçün musiqi əsərləri yazılmışdır.