Azərbaycan Respublikasında ənənəvi xalçaçılıq sənəti

 

15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Xalçaçılıq sənəti Azərbaycan xalq-tətbiqi sənətinin əhəmiyyətli növlərindən olmaqla, bu sənətin ənənə və sirləri xüsusi qayğı ilə saxlanılmış və nəsildən-nəslə ötürülmüşdür. Azərbaycanda hazırlanan xalçalar bir çox tarixi kitablarda, klassik ədəbiyyatda, folklor nümunələrində dəfələrlə təriflənmişdir.

 

Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ bürünc dövründən məşğul olurdular. Bu barədə Herodot, Klavdiy Elian, Ksenofont və digər tarixçilər yazırdılar. “Kitabi Dədə Qorqud” dastanında Azərbaycanın ipək xalçaları mədh olunurdu. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf edərək, ipəkdən, qızıl və gümüş saplardan xalçalar hazırlanırdı. Qızıl və gümüş saplarla toxunan və bahalı daşlarla bəzədilən xalçalar XVI-XVII əsrlərdə ənənə halını aldı.

 

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çox sayda xalça və xalça məhsulları ixrac olunurdu. İncə ornamentlər və bəzəklər Avropanın məşhur rəssamlarının diqqətini cəlb edirdi və onların əsərlərində öz əksini tapırdı. XV əsrdə holland rəssam Hans Memlinq “Məryəm övladı ilə” rəsm əsərində “Şirvan” xalçasını, Van Eyk “Müqəddəs Məryəm” əsərində “Zeyvə” xalçasını, alman rəssamı Hans Qolbeyn “Səfirlər” əsərində “Qazax” xalçasını əks etdirmişdi.

 

XVIII əsrin ikinci yarısında, xanlıqlar dövründə xalça istehsalı daha da genişləndi. Hər xanlığın öz xalçalarını istehsal etməsi müxtəlif xalça məktəblərinin inkişafına gətirib çıxardı.

 

1872-ci ildə Moskvada “Moskva-Politexnik” sərgisində, 1882-ci ildə “Ümumrusiya istehsalı və incənətə sərgisi”ndə Bakı, Quba, Qazax, Şəki və digər Azərbaycan xalçaları nümayiş etdirilmiş, ən yaxşı nümunələr qızıl və gümüş medallarla təltif olunmuşlar. 1872-ci ildə Vyanada, 1911-ci ildə Turində, 1913-cü ildə London və Berlində keçirilmiş beynəlxalq sərgilərdə nümayiş olunan eksponatların əsas hissəsi Azərbaycanda istehsal edilmiş xalçalar olmuşdur.

 

Azərbaycanda xalça sənətinin inkişaf etdiyi növbəti dövr XX əsrə təsadüf edir.

 

Azərbaycan xalçaları hazırlanma texnologiyasına görə xovlu və xovsuz xalçalara bölünür. Xovsuz xalçalar daha qədimdir və fərqli bəzəkləri və əlvan koloriti ilə seçilir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq “məişət xalçaları” adlandırırlar. Palas, cecim, kilim, şəddə, vərni, zili, sumax kimi xalçalar xalçaçılığın inkişafının ilkin dövrünü təmsil edirlər.