Təşkilat haqqında qısa məlumat

 

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya  sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət YUNESKO öz rəsmi fəaliyyətinə başlamışdır.

 

Hazırda YUNESKO 195 ölkə və 10 assosiativ üzvdən ibarətdir. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, YUNESKO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

 

YUNESKO üç əsas işçi orqandan ibarətdir: Baş Konfrans, İcraiyyə Şurası və Katiblik.

Baş Konfrans YUNESKO-nun ali orqanıdır. Konfransın iclasları iki ildən bir keçirilir. Əhalisinin sayından və ya büdcəyə verdiyi vəsaitin həcmindən asılı olmayaraq, hər üzv dövlət bir səsə malikdir. Baş Konfrans təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

 

İcraiyyə Şurası YUNESKO-nun icra orqanıdır. O, Baş Konfransın işini təşkil edir və onun qərarlarının düzgün icra olunmasına nəzarət edir. Şuranın funksiya və vəzifələri Nizamnamə ilə və Baş Konfransın qayda və direktivləri ilə müəyyən olunur. Şuranın 58 üzvü var və onlar Baş Konfrans tərəfindən, əsasən, təmsil etdikləri mədəniyyətlərin müxtəlifliyi və mənsub olduqları coğrafi məkan əsasında seçilir. İcraiyyə Şurasının iclasları ildə iki dəfə keçirilir.

 

Katiblik YUNESKO-nun daimi fəaliyyət göstərən orqanıdır və Fransa Respublikasının Paris şəhərində yerləşir. Burada YUNESKO-ya üzv olan 170 dövlətin vətəndaşı çalışır.  YUNESKO-nun baş direktoru vəzifəsini 2009-cu ilin 15 noyabr tarixindən xanım İrina Bokova (Bolqarıstan) icra edir.

 

YUNESKO Parisdəki baş qərargahından əlavə, dünyanın müxtəlif ölkələrindəki regional büroları, institutları və mərkəzləri ilə geniş şəbəkəyə malikdir.